Wednesday, November 24, 2010
PKK Dağlıq Qarabağı «su yolu»na döndərib
Dağlıq Qarabağdakı separatçı rejimlə kürdlərin terrorçu PKK (Kürd Terror Örgütü) təşkilatı arasında əlaqələr güclənməkdədir.
Dağlıq Qarabağ və işğal edilmiş Azərbaycan ərazilərində PKK (KONGRA-GEL) yaraqlılarının məskunlaşması barədə iddialar səngimək bilmir. Bunu, adını dəyişib KONGRA-GEL qoysa da, mahiyyəti dəyişməyən PKK-ya yaxın olan media strukturları da dolayısıyla təsdiqləyirlər.
PKK-nın Almaniyada və ümumiyyətlə, Avropada aparıcı kütləvi informasiya vasitələrindən biri sayılan “Özgür Gündəm” qəzeti “Kürdüstanın azadlığı uğrunda mübarizə aparan kürdlər və Dağlıq Qarabağın azadlığı uğrunda vuruşan ermənilər”, yəni kürd və erməni terrorçuları arasında əlaqələrin inkişafından məmnun qaldığını gizlətmir.
Qəzetin fikrincə, bu əlaqələr nə qədər möhkəm və sıx olarsa, Ermənistanla kürdlər arasındakı təmaslar və işbirliyi bir o qədər inkişaf edər.
Postsovet məkanındakı kürdlərin əsas kütləvi informasiya vasitələrindən biri sayılan “Kurdistan” saytı da Dağlıq Qarabağdakı ermənilərlə PKK mənsubları, habelə İraqın şimalındakı “Kürdüstan Muxtariyyəti” arasında təmasların olduğunu vurğulayır.
PKK ilə qarabağlı erməni separatçıları arasında əlaqələrin “səhman”da saxlanması istiqamətində MDB Kürdləri İttifaqının da xüsusi rol oynadığı bildirilir.
Məhz bu səbəbdən sözügedən təşkilatın mənsubları sürəkli olaraq Dağlıq Qarabağa səfərlər edir, Xankəndidəki separatçı rejimin rəhbərləri ilə danışıqlar aparırlar.
Onların başlıca məqsədləri ermənilər və kürdlər arasında işbirliyinin təmin olunması ilə yanaşı, PKK-nın Dağlıq Qarabağdakı obyektlərinin normal çalışmasını nəzarətdə saxlamaqdır.
Ermənistanın hakimiyyət dairələri məsələ ilə bağlı hər hansı açıqlama verməkdən qətiyyətlə boyun qaçırsalar da, İrəvandakı ictimai və qeyri-hökumət təşkilatları PKK yaraqlılarının Dağlıq Qarabağda istirahət və təlim məqsədilə “tez gələn qonaq”lar olduqlarını deyirlər.
Politoloqların fikrincə, hazırda Dağlıq Qarabağa kürdlərin kütləvi və ya genişmiqyaslı köçü barədə danışmaq üçün yetərincə faktlar olmasa da, ən müxtəlif terror təşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşmaları artıq danılmaz fakta çevrilib.
Cənubi Qafqaz Siyasi Tədqiqatlar Fondunun eksperi Vaja Lordkipanizde Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş ərazilərindən müxtəlif terror qruplaşmalarının yararlanmaları barədə rəsmi Bakı indiyədək dəfələrlə bəyanatlar verib.
“Bizə çatan məlumatlarda da deyilir ki, PKK ilə yanaşı, müxtəlif terror təşkilatları Dağlıq Qarabağda və işğal edilmiş ərazilərdə təlim-hazırlıq bazaları yaradıblar. Bu çox ciddi məsələdir və ona görə də müvafiq beynəlxalq təşkilatlar bu problemlə bilavasitə məşğul olmalıdır”, – V.Lordkipanidze söyləyib.
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Dağlıq Qarabağda PKK ilə yanaşı, digər terror təşkilatlarının bazalar yaradaraq işğal altındakı ərazilərdən ən çeşidli məqsədlərlə istifadə etmələrinə dünya birliyi ilə beynəlxalq təşkilatlar ciddi reaksiya verməlidir.
“PKK ilə yanaşı, müxtəlif ərəb ölkələrindəki radikal və terrorçu təşkilatların da Dağlıq Qarabağdakı separatçı rejim ilə əlaqələri var. Həmin təşkilatlar işğal altında olan ərazilərimizdən yararlanırlar. Terrorçuların Dağlıq Qarabağda təlim keçmələri əslində işğal edilmiş ərazilərimizdə radioaktiv tullantıların basdırılması, narkoplantasiyaların salınması, tarixi abidələrin məhv edilməsi və s. məsələlərlə kompleks şəkildə baxılası problemdir. Azərbaycan bu məsələlərlə bağlı rəsmi mövqeyini indiyədək dəfələrlə və sürəkli olaraq ortaya qoyub. Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər torpaqları nə qədər ki, beynəlxalq birlik üçün nəzarətsiz ərazi qismində qalacaq, erməni separatçıları və terrorçular özlərini rahat hiss edəsidir”, – M.Əhmədoğlu söylədi.
Dağlıq Qarabağdakı separatçı rejim və terrorçu PKK təşkilatı arasındakı əlaqələr barədə Azərbaycanın rəsmi mövqeyinə gəldikdə isə, ölkə XİN-ni bununla bağlı konkret bəyanatlar verib.
“Bu məlumatlar çox ciddi qəbul edilməlidir, çünki burada 3 əsas amil var. Birincisi ondan ibarətdir ki, PKK terrorçuları məhz Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilir. Azərbaycan bu gün obyektiv faktlara görə həmin ərazilərə nəzarət edə bilmir. İkincisi, həmin ərazilər hal-hazırda terrorçuluqda böyük təcrübəsi olan Ermənistan tərəfindən nəzarət altındadır. Üçüncüsü, təbii ki, bu gün PKK bir terrorçu təşkilat kimi çox fəaldır. Onların həm fəaliyyəti, həm də bəyanatları buna birbaşa olaraq dəlalət edir. Ona görə bu 3 amil onu göstərir ki, bu təhlükə çox ciddidir və ona görə də yalnız Azərbaycan deyil, ümumiyyətlə region dövlətləri və beynəlxalq təşkilatlar da buna müvafiq olaraq ciddi reaksiya verməlidirlər. Azərbaycan da özü təhlükələrə qarşı mübarizə aparmağa qadirdir, eyni zamanda müvafiq dövlətlərlə də siyasi çərçivədə əməkdaşlığı davam etdirir”, – XİN açıqlamalarında vurğulanıb.
Qaynaq
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment