Friday, September 18, 2009

Qərib şəhərin Hönkürtləri















1918-ci ildə Güney Azərbaycanın qərb bölgəsində erməni-assuri silahlı birləşmələrinin xalqımıza qarşı törətdiyi soyqırım aktının canlı şahidinin xatirələri nəşr olunub.

Urmudakı «Yaz» nəşriyyatı «Qərib şəhərin hönkürtüləri» başlığı ilə Qulam xan Hişmətin xatirələrini kitab halında çap edib. 232 səhifəlik bu kitab Birinci Dünya Müharibəsi illərində Urmu ətrafında baş vermiş «Cilovluq» faciəsini (erməni-assuri silahlı dəstələrinin o vaxt Urmu -Salmas-Xoy bölgəsində həyata keçirdiyi kütləvi qırğın Güneydə belə adlandırılır – M.M.) və ondan sonra şəkak kürd tayfasının başçısı İsmayıl Simkonun (Simitkonun) törətdiyi hadisələri əks etdirən mötəbər tarixi mənbədir. 
Qulam xan Urmunın mülkədarlarından biri olmuş və 1954-cü ildə dünyasını dəyişmişdir. Hal-hazırda Urmu bazarının bir hissəsi onun adı ilə «Qulam xan rastası» kimi məşhurdur. Onun xatirələri oğlu Firuz Hişmət tərəfindən illərlə qorunub saxlanmış və nəhayət, çap olunmaq üçün «Yaz» nəşriyyatına təqdim edilmişdir.

Qulam xan Hişmətin xatirlərində əks olunmuş dövrün hadisələrini tanınmış Güneyli tarixçi, mərhum Səməd Sərdariniya yığcam şəkildə belə təsvir etmişdir: «Osmanlı assuriləri Birinci Dünya Müharibəsində Osmanlı dövlətinə qarşı savaşda Rusiyanı himayə etdikləri üçün məğlub olub İrana qaçdılar, Qərbi Azərbaycanın şəhər və kəndlərində, o cümlədən, Urmu və Salmasda məskən saldılar. Güney Azərbaycan əhalisi bu çağırılmamış qonaqları mehribanlıqla qəbul etdi. Lakin çox keçmədən ingilislər bu assuri qaçqınlarını Qafqazdan qaçıb gəlmiş ermənilərlə (yerli erməni və assuriləri də onlara qoşaraq) birgə silahlandırıb Güney Azərbaycan ın qərb hissəsində bir xristian dövləti yaratmaq istədilər. Belə bir dövlətin yaranması isə bu əyalətdə yaşayan müsəlmanların (Azərbaycan türklərinin – M.M.) soyqırımı bahasına başa gəlməli idi. Beləliklə də, erməni və assurilərdən ibarət silahlı xristian ordusu qısa zamanda Urmu, Salmas və Köhnəşəhərdə 130 000 nəfərdən çox yerli müsəlman əhalini son dərəcə acınacaqlı və faciəvi şəkildə qırıb tökdü. Həmin kütləvi qırğınlar nəticəsində bu cinayətkarların çirkin məqsədi az qala gerçəkləşəcəkdi, lakin Osmanlı ordusunun gəlişindən sonra onların bütün iyrənc planları puça çıxdı».
Əlavə edim ki, həmin dövrdə Güney Azərbaycanın qərb bölgəsində Andranik, Marşimon, Petros kimi qatillərin vəhşi əməllərinə son qoymuş Osmanlı əsgərlərinin başında generallar Xəlil Paşa və Əli Ehsan Paşa dayanırdı…

No comments:

Post a Comment