İSMAYIL ÜLKƏR
03/08/2013-URMU
Əfsanəyə görə -Bir gün var imiş, bir gün yox imişdən sonra...- biri Təbrizdə, biri Urmuda olmaq üzrə iki sevgili yaşarmış... Bu iki sevgili bir-birlərinə yetişənməyirmişlər! Buna görə də o qədər ağlamışlar, o qədər ağlamışlar ki göz yaşlarından Urmu Gölü yaranmış! Suyunun duzluluğunun da nədəni bu imiş... Urmu Gölü boyda olan sevdaya bir öygüdür bu şeir...
Balam axı sən su şəhəriydin
Flamingoydu simgən
Pəxlən oynaşardı dağlarında qaynarca qaynaşardı
Qağayı qışqırardı balam axı səndə...
Çayda oynar balıqlar tiringəsi tutardı balıqçıların
Dəryada dəryalıqlar oxuyardı sudan gələndə sürməli qızlar
Leçəkləri düşərdi bulaqların başında
Yerdən
Üzüm oğlanları alıb boynuna salardı qızların qoyun-qoyuna...
Sürülərin mələşər
Güləşərdi kəllərin
Yelinləri yerə dəyərdi naxırların
Axırların niyə belə balam axı sənin balaların niyə belə?
Məyə
``Xandı xandı!`` deyildi
``Baxçada quşqovandı`` deyildi
``Misri qılış belində``
``Vurmağa pəhləvandı`` deyildi sənin qapı kkimin igidlərin?
Kimin toyuğuna daş atmışdın çalıb aldılar qapını
Oğulların oğurlandılar necə
Gecəyəmi düşdü kimsə görmədi
Necə görməz oldu piyala gözlər
Gözlərinə nə göz dəydi
Nə gəldi balıq qulaqlarına bulaqlarının ətəyindən?
Hanı çərşəmbə surlarındakı geri sayım?
Su çərşəmbələrindəki buz tərli bardaqların
Bərəkət buğdası göyü düyünləyən nişanlı dırnaqlar
Gəlin barmaqları?
Nə toy tutuldu böyük toylarının başına
Və
Analıq qururuyla dolu göbəklər nədən gizləndi
Nədən nə zaman and içildi nənnində ninniləri boğmağa
Boğmağı kim öyrətdi
Kim ağıl çalma yerinə nağıl çalmaq öyrətdi?
Nağıllarını çaldılar uşaqlarımın aman...
Aşırdı qara bir qarğa qarı nənəmin çörək çıqqınını
Qovdu el-obasından
Yad el obasında bardaşını qurdurdu
Qabağına sərdi...
Başında qaravul durdu
Hankı xortdan cırtdanı qorxutdu
Kəhlikləri kim bayquş oxutdu?
``Xortumçu məmməd`` axı öz balan idi sənin
İçərdi sel çayları
Toxtadardı seli
Qurtarardı qataraq ağzındakı suyu qaynar suya ``Qora yetim``i...
Aldılar ``Xortumçu Məmməd``ini
Saldılar ölüm inadıyla gölümə vay vay vay
Mənim ağ gəlinliyi kəfənləşən
Taxtı tabutlaşan gölüm!
...
Mən!
Hanı mən olacaydım gül şairi
Gölümə söy söyləyəcək
Boy boylayacaq sahilində
Bir yallıda
Bir oğlan bir qız
Bir Qırqız bir Özbəy bir Türkman...
Toy toylayacaydım Ülkər Ülkər, şaman şaman...
Göy gölü, Van gölün Urmu gəlinciyi ilədolandıracaydım
Xəzərimin başından belə...
Balam niyə belə?
Mən indi bu yaşımda kimdən yaş dilənim?
Üzümə hardan
Hansı uyuz it dərisi çəkim
Üzüm necə kəssin əsdirəbilim bir də Salmas yelin...
Ərzrum gədiyindəki həftə-dirəm gələn qarı Kərəm oğlum
Eyvaz balama necə deyim ağ sağğalımla
Sulduzuma necə deyim ``Sulu duzumsan?`` altından keçirsin qara papağının
Mişovun Kirişçisi dodağının qırağıyla gülsə başın dəbətsə...
Marağama nə deyim maraqlı gəlsin ağır yaralı Səhəndə
Boylanıb Bez qalasına Bakıma nə biçim anda verim Qız qalasına?
Mən...
Hanı mən el şairi olacaydım oturacaydım el xanıyla
At oynadıb ələm gəzdirəcəydim atamın ulduzlu hilalı özündən olan göy bayrağının altında
Mən
Hanı mən nə təhər olum göl şairi
Qurban deməyim qurban olum
Kəsməyim
Qurban kəsilim elimin gölünə
Gölümün elinə
Döşünə gül taxanmadan
Gözünə dik baxanmadan?
Hanı nə təhər
Necə?